Thursday, September 10, 2009

Yetişməyə doğru

Müsavat Partiyasının başqanı İsa Qəmbərin maqaqlı bir yazısını yenidən oxudum. İsa bəy deyir ki: "...Xalq - sosioloji sirrdir. Alimlər də deyə bilmirlər ki, nəyə görə zahirən xırda hadisəyə görə xalq ayağa qalxıb haqqını tələb edir, digər tərəfdən isə, böyük bir xalq illərlə avtoritar, totalitar rejimlərə dözürlər, haqsızlığa səbrlə tab gətirirlər və ümidlərini yalnız ağ atlı oğlana bağlayırlar. Bu sirrin cavabı hələ verilməyib". Sonra əlavə edir: "Bizim insanımız həddindən artıq ağıllı, praqmatik adamdır. Hətta bəzi hallarda mənim istədiyimdən daha ağıllı və praqmatik. İnsanımız elə bil ki, uğur, qələbə günü yaxınlaşana qədər gücünü sərf etmək istəmir...»

Burdan müsahibənin tam mətnini oxuya bilərsiniz: http://www.azadliq.org/content/article/1757221.html

Tanınmış və peşəkar siyasətçidən çox maraqlı bir yanaşma. Ümumiyyətlə İsa Qəmbərin yanaşmaları hər zaman qeyri-adiliklə seçilir. Biraz skeptisizm, biraz da optimizm qarışığı. Sanki xalqı "oyatmaqdan", ona öyüd-nəsihət verməkdən usanmış. Elə bil ki, xalqın artıq yetişkin olduğunu, böyüdüyünü və hər şeyi özü bacaracağını söyləyir. Necə ki, valideynlər uşaqlar bir yaşa çatdıqdan sonra görür ki, onlar artıq böyüyüb və deyir ki, artıq nə bilirsənsə get özün elə: "Bura qədər gətirdim səni, gerisini özün fikirləş".

Müsahibə əslində çox maraqlı və unudulmuş bir məntiqi üzə çıxarır. Məntiq isə ondan ibarətdir ki, legitimliyin və hakimiyyətin mənbəyi xalqdır. Bu bütün demokratik (və hətta qeyri-demokratik) dövlətlərin konstitusiyasına yazılmış ən ilk bəndlərdən biridir. Siyasət və ya hüquq oxuyan insanlar bu fikirlə birinci dərslərdən tanışdırıar. "Xalq" məfhumu oxumuş-yazmış intellektuallar tərəfindən çox zaman "kütlə" ilə eyniləşdirilsə və ona yuxarıdan aşağı baxılsa da, heç bir hakimiyyət xalqı (yəni o ölkənin ərazisində yaşayan insanların əksəriyyətini) görməzlikdən gələ bilməz. Eyni zamanda xalqın tam olaraq istəmədiyi heç bir hakimiyyət də uzun müddət duruş gətirməz, məncə.

Bu yaxınlarda oxuduğum "yetişmişlik" (ripeness) haqqındaki fikirlər yadıma düşdü. Müasir münaqişələrin həlli nəzəriyyəsində hər hansısa bir münaqişəni adətən üç əsas mərhələyə bölürlər: eskalasiya, durğunluq ("stalemate", həm də "dalan" vəziyyəti kimi tərcümə oluna bilər) və yetişmişlik/yetişkinlik (ripeness). Əgər münaqişəni eskalasiya vaxtı həll etməyə çalışırsansa böyük ehtimalla uğursuz olursan, çünki bu mərhələdə tərəflər öz güclərini konsolidə etmək və ətraflarındakı insanları mobilizə etmək üçün qarşı tərəfə hücum etməlidir. Bu hücumlar (sözdə və ya əməldə) kimin daha çox vəziyyətə sahib olduğunun göstəricisidir. Bir müddətdən sonra tərəflər yorulur və sülhə doğru istiqamətlənməyi münaqişə dalanında qalmaqdan daha sərfəli hesab edirler. Bu an münaqişənin yetişmişlik anıdır. Məsəl üçün, Qarabağ münaqişəsinin həllində əvvəllər də sülh cəhdləri olmuşdur və bu cəhdlər daha təcrübəli liderlər (Heydər Əliyev və Robert Kocharyan) tərəfindən irəli sürülmüşdür. Hətta, deyilənlərə görə, 1997-ci ildə Key-West'də Qarabağ ilə bağlı sülh sazişi imzalanmağa hazır idi. Buna baxmayaraq bu baş tutmadı.

Bugün daha az cəhdlə daha effektiv bir proses gedir. Çünki həm geopolitik vəziyyət daha uyğundu (həmsədrlər məsələdə eyni dərəcədə maraqlı görünür) həm də daxilən həm Azərbaycan həm də Ermənistan cəmiyyətləri münaqişənin ilkin gərginliyini atlatmış görünür.

Sosial və siyasi proseslərdə hər zaman münaqişə var və bu münaqişəni heç də çox neqativ bir şey kimi görmək düzgün deyil. Burada ehtiyatlı olmaq istəyirəm, çünki bu sözlərim heç bir şəkildə münaqişədən çıxış yolu axtarmamaq və oturub gözləmək kimi qiymətləndirilməməlidir. Söyləmək istədiyim odur ki, konflikt insan cəmiyyəti (və cəmiyyətləri) üçün xarakterik bir şeydir. Hətta ən gözəl nikahlarda belə narazıçılıqlar olur. Konflikt - iki (və ya çox)istəyin eyni vaxt və məkanda təmin oluna bilməməyinin göstəricisidir. Burada yenə də işin normativ (əxlaqi,mənəvi) tərəfini bir kənara qoyub (çünki münaqişədə olan tərəflər ilkin mərhələdə adətən heç vaxt özlərinin də günahkar olduğunu qəbul etmirlər) sırf sosioloji bir prosesi nəzərdə tutduğumu qeyd etmək istərdim. Bir çox hallarda münaqişənin həlli "konfliktin transformasiyası" kimi görülür. Yəni loru dildə "ümümi vəziyyətin dəyişməsi". Yəni məsəl üçün, iki münaqişədə olan cəmiyyətin insanlarının dəyişməsi, cəmiyyətlərin transformasiya olması və s.

Çox utopik səslənə bilərəm, amma Azərbaycan cəmiyyətinin və dövlətinin daxilindəki münaqişənin bir yetişkinlik dövrü olacağına inanıram. Tərəflərin gərginlikdən yorulacağı və konfrontasiya əvəzinə sülhü və dialoqu seçəcəyi mərhələ gələcək. Məsəl üçün, uyğun geopolitik və sosial-iqtisadi şəraitin yetişməsi bunu labüd qıla bilər. Və bütün münaqişələrdə olduğu kimi, əsas iş sülh sazişi imzalandıqdan sonra başlayacaq...

«Bloqqerlər azadlığa çıxacaq» Mikloş Xaraşti

«Bloqqerlər azadlığa çıxacaq»

http://www.azadliq.org/content/article/1819626.html


Mikloş Haraşti Bakıya sentyabrın 7-də gəlib. Səfər çərçivəsində o, ombudsman Elmira Süleymanova ilə də görüşüb
10.09.2009
Ülviyyə Əsədzadə
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Bakıda bu dəfəki səfərində əsasən onu vurğuladı ki, medianın vəziyyətini yaxşılaşdırmaq üçün birinci növbədə həbsdəki jurnalistlər və bloqqerlər azadlığa buraxılmalıdır.

CAVAB ALA BİLMƏDİM Kİ, REDAKTORLAR NƏ VAXT AZADLIĞA ÇIXACAQLAR
Sentyabrın 10-da keçirdiyi mətbuat konfransında Haraşti dedi ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qarşısında həbsdəki redaktorlar Eynulla Fətullayev və Qənimət Zahidin azadlığa çıxması məsələsini qaldırıb:

“Dedim ki, birinci növbədə hüquq mühafizə orqanları jurnalistlərin cinayət təqibini dayandırmalıdır. İkinci uğurlu addım həbsdəkiləri azadlığa buraxmaqdır. Amma mən buna cavab ala bilmədim, nə rəsmilərin bu haqda gözləntiləri, nə də ki, jurnalistlərin həbsdən buraxılacaqlarının vaxtı barədə. Amma məsələ gündəmdə qalır və biz redaktorların azadlığını tələb etməkdə davam edirik”.

“ƏLİ HƏSƏNOVDAN İKİ XOŞ XƏBƏR VAR “
Mikloş Haraşti bloqqerlər Emin Milli və Adnan Hacızadə barədə də danışıb, dediyinə görə, Əli Həsənovla söhbət onda belə bir təəssürat yaradıb ki, bloqqerlərin işi müsbət sona yetəcək:

«Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mənə dedi ki, administrasiya mənim bu işlə bağlı narahatlığımı bölüşür. Həsənov güman edir ki, hüquqi prosedurun sonunda məsələ müsbət həll olunacaq. Məndə belə bir güclü təəssürat yarandı ki, onun fikrincə, bloqqerlər azadlıqdan məhrum edilməyəcəklər”.

Amma Haraşti deyir ki, Əli Həsənov nikbin danışsa da hər halda o, bir prosesə kənardan baxan müşahidəçidir, son qərarı verən deyil.

HARAŞTİ EMİN MİLLİ VƏ ADNAN HACIZADƏYLƏ GÖRÜŞƏ BURAXILMAYIB
Haraşti bildirib ki, həbsdəki bloqqerlə görüşmək istəyib, amma ona deyiblər ki, hüquqi baxımdan bu, mümkün deyil. Amma ATƏT-in nümayəndəsi həbsdəki redaktorlar Qənimət Zahid və Eynulla Fətullayevin yanına gedib.

Mikloş Haraşti deyir ki, hüquq-mühafizə orqanlarına qəti təlimat verilməlidir ki, onların işi jurnalistlərə qarşı işlərin saxtalaşdırılması yox, media azadlığının qorunmasıdır.

“RADİOLAR FM-Ə QAYITMASA, FİKİR PLÜRALİZMİ BƏRPA OLUNA BİLMƏZ”
ATƏT-in nümayəndəsi bildirib ki, o, xarici radioların FM tezliyinə qaytarılması məsələsini də Əli Həsənovun diqqətinə çatdırıb. AzadlıqRadiosunun «Əli Həsənovun xarici radiolarla bağlı sizə cavabı nə oldu?» sualına cavabında Haraşti deyib:

“Bizim Əli Həsənovla müzakirələrimiz əsasən həbsdəki jurnalistlər və bloqqerlər barədə idi. Qalan məsələləri sadəcə ona sadaladım. Xarici radiolar barədə məsələsi də bu problemlərdən biri idi və Əli Həsənov mənə işarə verdi ki, mənim davamlı olaraq bu məsələni qaldırmağımı qeydə aldı. Mən ona dedim ki, xarici radiolar fm tezliyinə qayıtmadan ölkədə fikir prülarizm bərpa olunmayacaq. Bu o deməkdir ki, o bilir ki, xarici təşkilatlar bu sualı qapanmış saymırlar və hesab edirlər ki, xarici radioların fm-dən getməsi plüralizmə zərbəsir”.

“PREZİDENLƏ GÖRÜŞƏ BİLSƏYDİM, ÇOX ŞAD OLARDIM
AzadlıqRadiosunun «siz prezidentlə görüşmək üçün müraciət etmişdinizmi?» sualına cavabında Mikloş Haraşti deyib ki, o, görüşlər üçün Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müraciət edib, amma administrasiyanın şöbə müdiri Əli Həsənovla görüş mümkün olub:

“Əlbəttə prezidentlə və nazirlə görüşməyimə şad olardım, amma bizə dedilər ki, amma onlarla görüş alınmadı”.

“BÖHTANA GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİ ARADAN QALDIRILA BİLƏR”
Mikloş Haraşti deyib ki, çoxdandır ki, gözlənilən və müzakirə edilən böhtana görə cinayət məsuliyyətinin qaldırılması məsələsi hüquqi həllə yaxındır: “Ən azından Əli Həsənov mənə dedi ki, bu məsələ yaxın zamanlarda həll oluna bilər. Bu çox yaxşı xəbərdir ki, çünki bu ilin əvvəlində media qanunvericiliyi mənfi tərəfə dəyişmişdi, hökumətin mediaya müdaxilə imkanları genişlənmişdi”.

Haraşti əlavə edir ki, bu qanunvericiliyin işlək olması üçün digər qanunlar da dəyişməlidir, “İstəmirik ki, mətbuat orqanları güclü pul cərimələri ilə öldürsünlər”, - deyə Haraşti bildirib.

“BU ÖLKƏDƏ YEGANƏ PLÜRALİST MƏNBƏ İNTERNETDİR, ONU TƏNZİMLƏMƏK DÜZGÜ DEYİL”
M.Haraşti Azərbaycanda internetin tənzimləməsi ilə bağlı qaldırılan məsələyə öz münasibətini bildirib. O, məsələni görüşdüyü rəsmilərin diqqətinə çatdırdığını da deyib. Xüsusi nümayəndə hesab edir ki, internetin tənzimlənməsi mənfi nəticələrə səbəb ola bilər:

“ Bu ölkədə internet yeganə plüralist məlumat mənbəyidir ki, xoşagəlməz tədbirlərə məruz qalmayıb. Bizim mövqeyimiz çox qətidir. Qeydiyyat rejimi internetə şamil edilməməlidir. Başqa halda klassik mediada sözə qoyulan mexaniki şəkildə internetə qədər genişlənməməlidir. Çünki internet sonsuzdur və çap və ya televiziya kimi milli deyil”.

Mikloş Haraşti Bakıya sentyabrın 7-də gəlib. Səfər çərçivəsində o, ombudsman Elmira Süleymanova ilə də görüşüb.