Thursday, September 10, 2009

Yetişməyə doğru

Müsavat Partiyasının başqanı İsa Qəmbərin maqaqlı bir yazısını yenidən oxudum. İsa bəy deyir ki: "...Xalq - sosioloji sirrdir. Alimlər də deyə bilmirlər ki, nəyə görə zahirən xırda hadisəyə görə xalq ayağa qalxıb haqqını tələb edir, digər tərəfdən isə, böyük bir xalq illərlə avtoritar, totalitar rejimlərə dözürlər, haqsızlığa səbrlə tab gətirirlər və ümidlərini yalnız ağ atlı oğlana bağlayırlar. Bu sirrin cavabı hələ verilməyib". Sonra əlavə edir: "Bizim insanımız həddindən artıq ağıllı, praqmatik adamdır. Hətta bəzi hallarda mənim istədiyimdən daha ağıllı və praqmatik. İnsanımız elə bil ki, uğur, qələbə günü yaxınlaşana qədər gücünü sərf etmək istəmir...»

Burdan müsahibənin tam mətnini oxuya bilərsiniz: http://www.azadliq.org/content/article/1757221.html

Tanınmış və peşəkar siyasətçidən çox maraqlı bir yanaşma. Ümumiyyətlə İsa Qəmbərin yanaşmaları hər zaman qeyri-adiliklə seçilir. Biraz skeptisizm, biraz da optimizm qarışığı. Sanki xalqı "oyatmaqdan", ona öyüd-nəsihət verməkdən usanmış. Elə bil ki, xalqın artıq yetişkin olduğunu, böyüdüyünü və hər şeyi özü bacaracağını söyləyir. Necə ki, valideynlər uşaqlar bir yaşa çatdıqdan sonra görür ki, onlar artıq böyüyüb və deyir ki, artıq nə bilirsənsə get özün elə: "Bura qədər gətirdim səni, gerisini özün fikirləş".

Müsahibə əslində çox maraqlı və unudulmuş bir məntiqi üzə çıxarır. Məntiq isə ondan ibarətdir ki, legitimliyin və hakimiyyətin mənbəyi xalqdır. Bu bütün demokratik (və hətta qeyri-demokratik) dövlətlərin konstitusiyasına yazılmış ən ilk bəndlərdən biridir. Siyasət və ya hüquq oxuyan insanlar bu fikirlə birinci dərslərdən tanışdırıar. "Xalq" məfhumu oxumuş-yazmış intellektuallar tərəfindən çox zaman "kütlə" ilə eyniləşdirilsə və ona yuxarıdan aşağı baxılsa da, heç bir hakimiyyət xalqı (yəni o ölkənin ərazisində yaşayan insanların əksəriyyətini) görməzlikdən gələ bilməz. Eyni zamanda xalqın tam olaraq istəmədiyi heç bir hakimiyyət də uzun müddət duruş gətirməz, məncə.

Bu yaxınlarda oxuduğum "yetişmişlik" (ripeness) haqqındaki fikirlər yadıma düşdü. Müasir münaqişələrin həlli nəzəriyyəsində hər hansısa bir münaqişəni adətən üç əsas mərhələyə bölürlər: eskalasiya, durğunluq ("stalemate", həm də "dalan" vəziyyəti kimi tərcümə oluna bilər) və yetişmişlik/yetişkinlik (ripeness). Əgər münaqişəni eskalasiya vaxtı həll etməyə çalışırsansa böyük ehtimalla uğursuz olursan, çünki bu mərhələdə tərəflər öz güclərini konsolidə etmək və ətraflarındakı insanları mobilizə etmək üçün qarşı tərəfə hücum etməlidir. Bu hücumlar (sözdə və ya əməldə) kimin daha çox vəziyyətə sahib olduğunun göstəricisidir. Bir müddətdən sonra tərəflər yorulur və sülhə doğru istiqamətlənməyi münaqişə dalanında qalmaqdan daha sərfəli hesab edirler. Bu an münaqişənin yetişmişlik anıdır. Məsəl üçün, Qarabağ münaqişəsinin həllində əvvəllər də sülh cəhdləri olmuşdur və bu cəhdlər daha təcrübəli liderlər (Heydər Əliyev və Robert Kocharyan) tərəfindən irəli sürülmüşdür. Hətta, deyilənlərə görə, 1997-ci ildə Key-West'də Qarabağ ilə bağlı sülh sazişi imzalanmağa hazır idi. Buna baxmayaraq bu baş tutmadı.

Bugün daha az cəhdlə daha effektiv bir proses gedir. Çünki həm geopolitik vəziyyət daha uyğundu (həmsədrlər məsələdə eyni dərəcədə maraqlı görünür) həm də daxilən həm Azərbaycan həm də Ermənistan cəmiyyətləri münaqişənin ilkin gərginliyini atlatmış görünür.

Sosial və siyasi proseslərdə hər zaman münaqişə var və bu münaqişəni heç də çox neqativ bir şey kimi görmək düzgün deyil. Burada ehtiyatlı olmaq istəyirəm, çünki bu sözlərim heç bir şəkildə münaqişədən çıxış yolu axtarmamaq və oturub gözləmək kimi qiymətləndirilməməlidir. Söyləmək istədiyim odur ki, konflikt insan cəmiyyəti (və cəmiyyətləri) üçün xarakterik bir şeydir. Hətta ən gözəl nikahlarda belə narazıçılıqlar olur. Konflikt - iki (və ya çox)istəyin eyni vaxt və məkanda təmin oluna bilməməyinin göstəricisidir. Burada yenə də işin normativ (əxlaqi,mənəvi) tərəfini bir kənara qoyub (çünki münaqişədə olan tərəflər ilkin mərhələdə adətən heç vaxt özlərinin də günahkar olduğunu qəbul etmirlər) sırf sosioloji bir prosesi nəzərdə tutduğumu qeyd etmək istərdim. Bir çox hallarda münaqişənin həlli "konfliktin transformasiyası" kimi görülür. Yəni loru dildə "ümümi vəziyyətin dəyişməsi". Yəni məsəl üçün, iki münaqişədə olan cəmiyyətin insanlarının dəyişməsi, cəmiyyətlərin transformasiya olması və s.

Çox utopik səslənə bilərəm, amma Azərbaycan cəmiyyətinin və dövlətinin daxilindəki münaqişənin bir yetişkinlik dövrü olacağına inanıram. Tərəflərin gərginlikdən yorulacağı və konfrontasiya əvəzinə sülhü və dialoqu seçəcəyi mərhələ gələcək. Məsəl üçün, uyğun geopolitik və sosial-iqtisadi şəraitin yetişməsi bunu labüd qıla bilər. Və bütün münaqişələrdə olduğu kimi, əsas iş sülh sazişi imzalandıqdan sonra başlayacaq...

No comments:

Post a Comment