Monday, March 1, 2010

Modernlik və demokratiya yoxsa post-modernlik və azadlıq?

Rəşad Şirin, 23/02/2010



Qlobal düşüncə axınlarından uzaqda qalmış ölkəmizdə bəzən siyasət fəlsəfəsi ilə bağlı söhbət açmaq tamamilə yerinə düşür. Və həqiqətən də çox üzücüdür ki, artıq nə intellektual çevrələrdə nə də mediada (həm elektron həm də çap) fikir hərəkatlarıyıa bağlı sanballı, ciddi təhlillərə rast gəlmək ehtimalı çox azdır, demək olar ki imkansızdır.



Məhz ona görə də mən burada çox danışılmayan bir məsələyə: modernliyin siyasi gerçəkliyimizə və azadlıqlarımıza təsiri haqqında müzakirə açmaq istəyirəm. Tanınmış Amerikan alimi Samuel Hantinqton qeyd edir ki, az inkişaf etmiş ölkələrdə bəzən sosial modernlik heç də demokratikləşməyə deyil, tam tərsi, daha da avtoritar quruluşların inkişafına səbəb olur. Anthony Giddens “Modernliyin nəticələri” adlı kitabında modern dövlətin feodal dövlətlətlərdən daha repressiv ola biləcəyini vurğulayır. O deyir ki, modern dövlətlərə qeyri adi güc verən amil onların iki əsas komponent üzərində qurulmasıdır: milli dövlət (nation-state) və kapitalist sistem. İqtisadiyyat siyasətdən ayrılaraq (təcrid olunaraq) avtonom bir sahəyə çevrilir və milli dövlətin ayaqda qalması və davam etməsi üçün güclü bir resursa çevrilir. İqtisadiyyatın inkişafı nəticəsində əldə olunan vəsaitlər dövlətə zorakılıq aparatını inhisarlaşdırmaq üçün maddi imkanlar yaradır, yani artıq dövlətin polis, təhlükəsizlik qüvvələri və ordunu saxlamaq üçün əlində pul toplanır.



Giddensə görə modernlik və modern texnologiyalar daha çox nəzarətə yol açır, dövlətin şəxsi həyata müdaxiləsini artırır. Nəzarət həm birbaşa (Michel Foucalt-nun qeyd etdiyi kimi, məktəblər, həbsxanalar və s. vasitəsilə) həm də dolayı yolla (məlumatı istiqamətləndirməklə) həyata keçirilir. Giddens deyir ki, modernlik bir yandan insanların çoxu üçün daha etibarlı və daha zəngin həyat yolunu açarken, o biri yandan yer üzündəki insan həyatının sonunu gətirəcək global risklərə də sahibdir. Bu risklərin içində hərbi gücün dəhşətli miqyasda böyüməsi, global ətraf mühit fəlakəti və avtoritar idarəetmə formalarının artması da vardır. Modernizmdən fərqli olaraq post-modernizm dunyanı daha çox rənglərdə görür və izah edir. Giddensə görə artıq modernlik yanaşmasının bizim üçün yaratdığı dünyanın tarixi sərhədlərini aşmaq lazımdır. Bu məqsədlə o, azadlıqlar uğrunda mübarizəyə həm də “yaşam siyasəti” deyilən məfhumu da əlavə etməyi təklif edir. “Yaşam siyasəti” elə bir layihıdir ki, orada “başqaları” yoxdur və bu fəlsəfə hər kəs üçün bütünləşdirici və hamını qane edə biləndir. Utopik olsa da gələcəyə yönəlmiş dəyəri çox yüksəkdir. Burada “nəydənsə azad olmaq” əvəzinə “bir işi görmək üçün azad olmaq” düşüncəsinə üstünlük verilir.



Bu yaxınlarda Brüsseldə idim və Avropa Siyasətini Araşdırma Mərkəzinin (Center for European Policy Studies) yazdıqları kitabın təqdimatında iştirak etdim. Bölgəmiz üzrə ekspert olan Michael Emerson və Richard Youngs-un tərtib etdiyi kitabın adı belə idi “Avropanın qonşuluğunda demokratiyanın çətin vəziyyəti: Mübarizə aparan keçid dövlətləri və artan sülalələr”. Müəlliflər keçmiş Sovet ölkələrini iki kateqoriyaya bölmüşdülər göründüyü kimi. Birinci sinfə Ukrayna, Gürcüstan, Moldova və Ermənistan aiddir. Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistan ikinci sinfə daxildir. Emerson qeyd edir ki, birinci kateqoriyadakı dövlətlərdə cəmiyyətin demokratiya ilə bağlı tələbləri canlıdır, amma bu tələblər hələ də tam yerinə yetməyib. Eyni zamanda avtoritar tendensiyalar da mövcuddur, amma onların kütləviləşməyinə hələ var. Bu ölkələrin Avropa perspektivi daha aydın və barizdir.



Bizim üçün çox önəmli olan ikinci kateqoriyada vəziyyət fərqlidir. Bu ölkələr formalistik demokratiya yaşayır. Demokratiyanın üzü tamamilə fərqlidir burda. Maraqlı bir fakt odur ki, Avropalılar artıq bu bölgə üçün “demokratiya” kəliməsini istifadə etmirlər. Belə bir razılaşma var ki, sivil azadliqlar (siyasi azadlıqıar buraya aid deyil) və insan haqqları məsələləri demokratikləşmə diskursunun yerini alsın və “maariflənmiş monarxiya” misalındakı 17-18ci əsr Avropa təcrübısinə istinad edilsin. Deyilənlərə görə məşhur fransız yazıçısı Volter həm Prussiya kralı Böyük Frederik və Rus Kraliçası Yekaterinaya bu istiqamətdə müşavirlik edirdi. Volterin apardığı mübarizə Maarifçilik (Aydınlanma) hərəkatı çərçivəsində Fransada feodalizm, mütləqiyyətçi monarxiya və Kilsənin iqtidarına qarşı idisə də, o, çıxış yolunu demokratiyada yox, vətəndaş azadlıqları və qanunun aliliyini tərənnüm etməkdə görürdü.



İkinci kateqoriya ölkələrində “keçid” məsələsi dalana dirəndi. Amma avropalı exspertlər düşünür ki, təmsilçi demokratiyanın bu ölkələrdə çox zəif olması o demək deyildir ki, vətəndaş azadlıqları və insan haqqlarına hörmət praktikası bu bölgələrdə oturuşa bilməz. Avropanın qonşuları olan Mərakeş və Qazaxstan kimi ölkələr artıq bu yanaşmanın işarələrini verir.



Avropalılar başa düşüblər ki, Azərbaycan da daxil olmaqla bu ölkələrə fərqli ssenari tətbiq edilməlidir. Bu ssenari uzun müddətli sosial-iqtisadi inkişafı və cəmiyyətdə yeni orta sinfin və maariflənmiş elita maraqlarının formalaşmasını nəzərdə tutur. Orta sinif və maariflənmiş elita maraqları gələcəkdə demokratiyanın motoruna çevrilə bilər. Emersonun dediyinə görə elə məhz buna görədir ki, bugün Avropalılar daha çox insan haqqlarından danışırlar və demək olar ki demokratiya sözünü çox nadir hallarda işlədirlər.



Həqiqətən də bugün yaşadığımız dünya çox böyük “modernizm” təsiri altındadır. Modernizmin çox böyük universallaşdırma qüvvəsi var. Hər şeyin universal, obyektiv, təbii qanunlara tabe tutulduğuna işarət edir modernizm. Səbəbi nə olursa olsun təcrübədə bəzən bunun tərsini görürük və hər şeyin bizim istədiyimiz kimi olmadığını görüncə məyus oluruq. Halbuki, daha dərin tarixi, siyasi və fəlsəfi təhlil göstərir ki, məkana və zamana görə bəzi universal sandığımız dəyərlər və qanunlar çox disfunksional ola bilər. Ona görə də tanınmış türk liberal düşüncə adamı Atilla Yaylanın söylədiyi kimi, üzün müddətdə gerçək dəyişikliyin açarı siyasi mübarizə ilə yanaşı həm də (və eyni dərəcədə əhəmiyyətli olan) fikir hərəkatlarını gücləndirməkdən keçir.

No comments:

Post a Comment