Monday, May 18, 2009

Feminist Manifesti

Azərbaycan, mənim baxtsız anam oy...

Almas Yıldırım

Bütün sevdiyim qadınlara ithaf olunur

Qadının cəmiyyətdə rolu haqqında yahoogroup-larda başlatdığım yazışma-müzakirə haqqında düşünərkən günlərin bir günü yadıma Almas Yıldırımın şerindən olan bu misralar düşdü. Və mənə elə gəldi ki, yüz il əvvəl yazılmış bu misralar bugünümüzü o qədər gözəl, o qədər inanılmaz dərəcədə əks etdirir ki, bunun üzərində bir az daha var gəl etməyə qərar verdim.

Bu əsrarəngiz ədəbiyyat nümunəsi Azərbaycanda qadının vəziyyəti ilə ölkənin durumu arasındaki problemi ortaya qoyur. Və ən xoşagəlməzi odur ki, illər keçdikdən sonra da, nə yazıq ki ölkəmiz də anamız kimi bəxtsiz və pərişandır yenə də. Yazdığım fikirlər əlaqəsiz görünə və səslənə bilər, amma inanıram ki, bu yazıda bəzi məsələlərə aydınlıq gətirə biləcəm.

“Anamız-bacımız” diskursu

Bir çox hallarda cəmiyyətdəki maço düşüncə (buna bəzən mentalitetimiz də deyirlər) öz hakimiyyətini legitimləşdirmək və möhkəmləndirmək üçün “qadınları qorumaq”, onları müdafiə etmək diskursundan istifadə edir. Buna kişilərin dominant olduğu toplumlarda sıx-sıx rast gəlinir və adətən qadınlar namus və qeyrət anlayışlarının “daşıyıcısı”, kişilər isə bunun “təminatçısı” kimi çıxış edir. Məsəl üçün, əgər bir başqa kişi sizin qadınınızın yanında ədəbsiz söz etmiş olarsa, bu halda siz o insanın cavabını verməlisiniz. Amma eyni insan bir qrup kişinin yanında bənzər sözlərdən istifadə edərsə, bu sözlər artıq “ədəbsiz” kateqoriyasına girmir və bunun üçün heç kimin namusun qorumaq lazım deyil. Bu misal yanaşmada olan ayrıseçkiliyi və dominant kişi kültürünə verilən üstünlüyü açıq şəkildə ortaya qoyur. Bir dəfə Azərbaycana tez-tez gəlib gedən bir Alman qız dostum dedi ki: “Maraqlısı odur ki, “öz qadınına pis gözlə baxılmasını” istəməyən Azərbaycanlı kişi digər qadınlara eyni “pis gözlə” baxmaqdan çəkinmir. Məncə bu ikiüzlülükdür”.

Beləliklə qadınlar üçün nəyin daha uyğun və daha ədəbli olduğuna qərarı adətən kişilər verir və qadınlar bununla razılaşır. Bu razılaşma-qəbuletmə daha geniş miqyasda qadınların bir çox hallarda kişilər tərəfindən qoyulmuş qaydalarla oynamaqlarına səbəb olur.

Hesab edirəm ki, toplumda qadına qarşı olan zorakılıq və sayğısızlıq uzun illərdən boyu formalaşmış qadının iqtisadi (və sosial) asılılığı ilə yanaşı bir də ideoloji asılılıqdır. Antonio Qramşi bunu “common sense”, yəni hamı tərəfindən qəbul edilən düşüncə adlandırır. Qramşi bu anlayışı burjuaziya ilə fəhlə sinfi arasında olan münasibətə aid edir və qeyd edir ki, burjuaziyanın proletariat üzərindəki hökmranlığını şərtləndirən amillərdən biri də (iqtisadi və siyasi hakimiyyətlə yanaşı) birincinin “mədəni hegemoniyasıdır”. Mədəni hegemoniya hər hansısa bir diskursun müəyyən edilməsi, yayılması və onun güclənməsi ilə əmələ gəlir. Diskurs – müəyyən dünya görüşünü formalaşdıran sözlər, ideyalar, yanaşmalar, müzakirələr və s. ibarətdir.

Diskurslar insanlar arasında yayılaraq güclənir, çünki ideyalar (pis və ya yaxşı) müəyyən gücə sahibdirlər. “Görüb-götürmək” öz sözünü deyir və böyüyən nəslin əksər nümayəndələri bu sosial reallığın inşa edilməsində iştirak edirlər və təbii ki bunun bir parşasına çevrilirlər. Bu diskursun qorunmasında (“qiz uşağının özünü aparma qaydaları”, “ana-bacımızın namus-qeyrəti”) qadınların da vacib rolu var. Belə ki, bir çox məsələlər qadınların səssiz və bəzən də səsli razılığı əsasında olur. Hətta bir çox qadın bu “common sense”in davam etdirilməsi və sementləşməsi üçün əlindən gələni edir.

Burada bir məsələyə də toxunmaq lazımdır. Bayaq qeyd etdiyimiz kimi, qadınlarımız eyni zamanda həm də iqtisadi asılılıqda yaşayırlar. Bir çox ailelerde qadınlar evdən kənarda işləmir və evin büdcəsinin formalaşmasında iştirak etmir. Təbii ki, son zamanlar bu dəyişməkdədir və indi Azərbaycanda bir çox oxumuş qadın iqtisadi cəhətdən müstəqildir. Amma buna baxmayaraq, hakim düşüncə hələ də onları sıxmaqdadır və iqtisadi müstəqilliyə baxmayaraq onlar hələ də ideoloji və mənəvi savaş verirlər: ailələri, qohumları və cəmiyyətləri ilə. Yəni, iqtisadi sahədə özünü təsdiqləsələr və maliyyə təhlukəsizlilərini təmin etsələr də, ideoloji savaşda hakim diskurs üzərində qələbə çala bilmirlər.

Amma bunu da qeyd etmək lazımdır ki, ideoloji savaşın qazanılmasında iqtisadi müstəqillik çox önəmli mərhələdir. İqtisadi müstəqillik insanın “dilinin uzun olmasını” təmin edir. Yəni, iqtisadi cəhətdən asılı olmayan insan danışa bilir və özünü müdafiə mexanizmini danışmaqla və ya dominant məntiqin təsvir etdiyi kimi “cavab qaytarmaqla” qurur. Danışaraq isə insan özünə uyğun olan diskursu qurur.

Feminizm və biz

İdeoloji savaşı qazanmaq üçünsə ideyalara ehtiyac var. Qadının kişiylə bərabər hüquqlu olduğunu müdafiə edən nəzəriyyəyə feminizm nəzəriyyəsi deyilir. Feminizm qadin huquqlarini mudafie eden nezeriyyedir. Bu bir dunya gorusudur. Feminizmi cox radikal bir yanasma kimi teqdim etmek yanlisdir. Necə ki milliyətçilik, dindarlıq, sosializm, liberalizm kimi fəlsəfələrin də həm radikal, həm də yumşaq tezahüru olur.

Mənim anlayışımda, bunu dəstəkləyən insanlar tək qadınlar deyil, həm də kişilər olmalıdır. Çünki bu cəmiyyətimizin ümumi inkişafı deməkdir. Təssüf ki, Azərbaycanda çox zaman qadınların hüquqları tapdalanır. Qadın bir seksual obyekt, bir qulluqçu, bir uşaq istehsalçısı kimi görülür. Ona görədir ki, Avropa Şurası ölkələri arasında qadınların siyasi və sosial həyatdakı yerinə görə Azərbaycan 46-cı, yəni ən axırıncı yeri tutur.

Təbii ki Azərbaycan bu məsələlərdə dünyanın bir çox başqa az inkişaf etmiş (və ya heç etməmiş) ölkələrindən yaxşı ola bilər. Amma biz daha yaxşı olmalıyıq və bunu bugün etməliyik.

Əksər cəmiyyətlərdə qadınlar kişilərdən daha çoxdur. Ona görə qadınların fəal olmadığı cəmiyyət hesab edin ki, yarı qüvvəsi ilə işləyir. Hətta əgər buna kişi-qadın münaqişəsinin mənfi enerjisini əlavə etsək, demək olar ki cəmiyyətin faydalı iş əmsalı xeyli dərəcədə aşağı düşür.

Yekunda, mən qadınlarımızı daha fəal, daha özünə güvənən və daha inadkar olmağa, kişiləri isə daha anlayışlı olmağa çağırıram.



Feminist Elli

6 comments:

  1. maço mentalitet barede haggin var. bir de ki, dinin de rolunu unutmag lazim deyil. chunki ta gedimden biz o dini bashga cur, yeni kishi arzusunu uygun olarag yozmushug: yeni kuxnada yemek, hamamda paltar, yatagda da ki eri.

    ReplyDelete
  2. Rəşad, əhsən! Fəxr edirəm ki, sənin kimi bir insanı tanıyıram və fəxr edirəm ki bizim cəmiyyətdə hələ də açıq fikirli kişilər var.
    qarşında təzim edirəm!
    Fatimə

    ReplyDelete
  3. maraqlı və cəsarətli yazıdır. cəmiyyətimizdə kişi və ya qadın, yaşlı və ya gənc olmasından asılı olmayarq, istənilən düşünən insan bunun fərqindədir. amma bununla açıq mübarizə apara biləcək qədər cəsarətlimiz azdır. problemin kökünə gəldikdə isə, fikrimcə, qadına münasibət cəmiyyətin əlahiddə problemi deyil, bu sırf cəmiyyətin ümumi şüur səviyyəsinin və vizyon genişliyinin artması ilə paralel aradan qaldırıla biləcək problemdir. kişinin qadına, böyüyün kiçiyə, ağıllının dəliyə, iqtidarın müxalifətə, ümumiyyətlə qaba qüvvət baxımından istənilən cür güclünün zəifə münasibətindəki eyniliyə baxanda, bu aydın müşahidə olunur. bu, cəngəllik qanunlarından qaba qüvvətin dəyər təşkil etmədiyi sivil cəmiyyətə gedən yolda cəmiyyətlərin qət edə bildiyi məsafənin göstəricisidir.

    qısacası, problemin kökü dərin və digər problemlərimizlə üzvi əlaqədədir. və çıxış yolumuz yenə də insanlarımızı maarifləndirmək və savadlandırmaqdır.

    1 misal. hər hansı Azərbaycan ailəsinə yeni gələn bir qadının (gəlinin) hüquqlarının məhdudlaşdırılması uğrunda ən çox kim mübarizə aparır? digər bir qadın - qaynana.

    ona görə də, feminizm nə ayrılıqda kişilərə qarşı yönəlmiş, nə də qadınları dəstəkləyən bir cərəyandır. o, cəmiyyətin ümumi inkişafını nəzərdə tutan ümumi tərəqqinin bir parçasıdır. yazıya görə təşəkkürlər.

    ReplyDelete
  4. Çox gözel yazıdı. Heddinden artıq xoşuma geldi. Dediklerinle 100% razıyam. Mence herşey aileden başlayır. Valideynler qız ve oğlan uşaqlarına eyni imkanları vermeyende, onlar arasında ferq qoyanda onlar böyüyende de eyni şey cemiyetde tekrar olunur.
    Yazıların çox maraqlıdı. Yazmağa davam ele!

    ReplyDelete
  5. İş yoldaşım Minayə Səfərovanın bu haqda fikirləri: "Chox beyendim megaleni. Xususile kishi cinsinden bele sozler eshitmek chox teecublu ve maraglidir. Sen hagglisan, igtisdai cehetden aileden asili olmayan gadinlar ideoloji və mənəvi savaş verirlər. Bu menim de heyatimda beledir.
    Teshekkur edirem ve bundan sonra yazilarini memuniyyetle izleyecem"

    ReplyDelete
  6. Rəşad, səni tanıyandan müxtəlif məqalələr oxumağa başlamışam. Bu dəfə də sənin məqaləni oxudum. Çox xoşuma gəldi. Sənəd xahiş edirəm, yox tələb edirəm ki, bunun davamını da yazasan :-)

    ReplyDelete