Monday, May 18, 2009

Uyğunlaşmaq, borc və fədakarlıq haqqında

Uyğunlaşmaq

Mən bir simsiz məkandayam hal-hazırda. Bu məkan Bakıda dostlarım Vəfa və Məhmədin sahibi olduğu “Cafe Caramel”di. Çox gözəl və maraqlı azadlıq havası var içəridə. Bir neçə il əvvəl günlərimizi internet kafelərində keçirəndə heç ağlıma da gəlməzdi ki belə bir şey Bakıda da mümkün ola bilər. Yəni rahatca oturub cafe latteni içərək bütün dünya ilə əlaqə qura biləsən.

Deyilənlərə görə dünyanın ən innovativ insanları iş adamlarıdır. Onlar ideyalarını heyata keçirərək pul qazanır. Nə qədər çox ideya olsa o qədər çox pul qazanırsan. Təbii ki, ideyalar əşyalara və gerçəkliyə çevrildikdən sonra, eyni vəya bənzər ideyası olan insanlar ortaya çıxa bilər. Burada rəqabət anlayışı ilə üzləşir işadamları. Rəqabəti aşmaq üçün isə daha fərqli yanaşmalar lazım gəlir. Fərqlilik beləcə davamlılığa səbəb olur...

Əslində biznesdə hər şey nə qədər də insan həyatının başqa sahələrində olduğu kimidir.
Həyatda dəyişim bunun üçün çox önəmlidi. Fərqliliyi istədiyin zaman, fərqli şeylər əldə edirsən. Darvin nəzəriyyəsindəki dəyişkənlik və irsilik anlayışları var. İrsilik (konservativ, dəyişməyən) və dəyişkənlik (liberal, fərqliləşən) – hər ikisi də canlı varlığın həyat sürməsini və çalışmasını təmin edir. Amma eyni zamanda Darvin qeyd edir ki, güclü olan yox, uyğunlaşa bilən həyatda qalır. Düzdü bu biraz konformizmin (həyatda qalmaq üçün hər zaman güzəştə getmək, cəmiyyətin əsas kütləsinə ayaq uydurmaq) dəstəklənməsi kimi səslənə bilər, amma mən məsələyə fərqli baxıram. Əgər ətrafda mühit dəyişirsə hər zaman yeni qanunlar ortaya çıxır. Onları anlamaq və beləcə mühitdən bəhrələnmək və ətrafını zənginləşdirə bilmək insandan bir dəyişim tələb edir. Bu dəyişim yeni ideyaların, yeni həyat və düşüncə tərzinin, yeni yanaşma və baxışların və yeni dilin formalaşmasında öz əksini tapır. Bu mənada uyğunlaşmaq elə dəyişməyin özüdür. Və təbii ki dəyişə bilmək, uyğunlaşa bilmək üçün ən uyğun zaman gənclik dövrüdür.

Ümumiyyətlə, Azərbaycan üçün dəyişiklikləri gecikdirmək çox ağrılı nəticələnəcək. Hələ ki gənc ölkəyik gərək dəyişək. Yaşlaşanda dəyişmək çətinləşir.
Məsəl üçün Misir və Suriyada vaxtilə dəyişim küləkləri əsdisə də onlar bunu bacarmadılar və ona görə də onlar üçün dəyişmək vaxtı keçdi artıq. Orada məsələlər o qədər dərinləşib ki, artıq dəyişim haqqında hətta düşünmək belə çox çətinləşib. Yaxın Şərq ölkələri gözümüzün qabağında dəyişmədən qocalırlar.

Uyğunlaşmanın bir nümunəsi də ölkələrin regional formatda siyasi və iqtisadi inteqrasiyasıdır. Avropa Birliyi və NATO-ya girmək üçün onların standartlarına uyğunlaşmaq lazımdı. Çünki o ölkələr özləri üçün bir harmonik mühit yaradıblar və kənardan gələn savadsız, ərköyün və dəcəl bir uşağın o sakit və mədəni evdə səs-küy salıb, dava etməyini istəməzlər. Azərbaycan burada da gecikir. Uyğunlaşmaq üçün dəyişmək - yəni siyasi, iqtisadi, sosial, hüquqi və başqa sahələrdə çoxlu islahatlar tələb olunur.

Eyni zamanda regiondakı güc balansı da çox etibarsızdır və bunu hiss edərək hərəkət etmək lazımdır. Məsəl üçün, Rusiyanın zəif vaxtlarında bundan faydalanaraq Azərbaycan hökuməti bəzi yaxşı layihələr həyata keçirdi, bu sevindiricidir. Bakı-Ceyhan bunlardan biridir. Amma NATO və Avropa Birliyi məsələsində gecikdi, tərəddüd etdi, istəmədi, qorxdu və s. İndi Rusiya yenidən dirildi. Və Azərbaycanın “Biz regionda lider dövlətik” sloqanları artıq səngidi. İnid biz başqa cür “uyğunlaşmağa” başladıq. Bu geriyə uyğunlaşmaqdır.


Dəyərlər və ictimai həyat – vətəndaş cəmiyyəti ilə siyasət arasında fərq

Yaşamak bir ağaç gibi tek ve hür
Ve bir orman gibi kardeşçesine

Nazim Hikmət


Indi isə biraz fokusu dəyişək. Azərabaycanda iqtisadiyyatın inkişafı və eyni zamanda siyasi, sosial və mənəvi həyatın durğunluğu (və bəzən çöküşü) bəzi ciddi problemlər ortaya qoyur. İnsanları və cəmiyyətləri ayaqda saxlayan, birləşdirən (fərqləndirən) dəyərlərdir. “Dəyər” anlayışı bizdə hər zaman olub, sadəcə olaraq biz bunu heç vaxt konseptləşdirməmişik. Ümumiyyətlə dəyər sözünü biz yeni istifadə etməyə başlamışıq və şəxsən mənim özüm bu yaxınlara qədər bu sözü hansı kontekstdə və necə daha düzgün istifadə edəcəyimi bilmirdim. “Dəyər” həyatımızda nəyə daha çox qiyməy verdiyimiz, nəyi daha üstün saydığımızın göstəricisidir. Bəzi insanlar azad olmağı dəyər hesab edir, bəzilərimiz ailəni daha əsas sayır, bəzilərinin həyatında din əsas prioritetdir və s. Buna uyğun olaraq bir fərd kimi aldığımız məlumatlar, informasiya hissəcikləri bizim dəyər süzgəcimizdən keçərək beynimizdə və qəlbimizdə yer tapır və ya tapmır. Məsəl üçün əgər siz ailə institutunu həyatınızın əsas dəyərlərindən biri hiss edirsinizsə, kiminsə evlınməyi, toy etməyi haqqında məlumat sizin beyninizdə daha çox yer tapır. Əksinə ailəni əsas dəyər hesab etməyən insansınızsa belə məlumatları ötəri və səthi qəbul edib yola salacaqsınız. “Dəyər” sözü Qərb dillərində, məsəl üçün İnglis dilində çox istifadə edilən bir anlayışdır və əslində çox zaman pozitiv anlamda istifadə olunur. Bəzi toplumlar “ortaq dəyərlər” (shared values) ideyasını ortaya qoyaraq öz aralarında siyasi və iqtisadi inteqrasiyaya nail olublar. Yenə də NATO və Avropa Birliyi bunların arasında ən çox ortaq dəyər tapanlardandır.

Amma təbii ki bu gün hətta idealizm baxımından ən inkişaf etmiş qərb ölkələrində belə maddi dəyərlər daha önəmli olmağa başlayır. İnsanların əksəriyyəti daha çox rahat həyat, pul qazanmaq, yaxşı maşın sürmək, gözəl ölkələrə səyahət eməyin peşindədir. Liberalizmin tənqidçiləri deyir ki, insanlar bir-biriləri haqqında az düşünürlər. Buna görə də kapitalizm haqqında pis fikir yaranır. Elə bundan dolayı inkişaf etmiş müasir cəmiyyətlərdə “sivil kapitalizm” anlayışı ortaya çıxır. Sivil kapitalistlər deyir ki, azadlıq heç də o demək deyil ki hər kəs ancaq özü üçün, öz marağı (self-interest) üçün çalışmalıdır. Azadlıq həm də ətrafındakı insanları düşünmək və cəmiyyətin inkişafı üçün çalışmaq azadlığıdır. Burada fədakarlıq (self-sacrifice) və borc (duty) məfhumları haqqında düşünmək lazımdı.
Təəssüf ki, bəşəriyyətin lüğətindən artıq “şərəf”, “fədakarlıq”, “xarakter”, “dürüstlük”, “xidmət”, “hörmət”, “ədalət”, “etibar”, “sivillik”, “dözüm”, “cəsarət”, “vicdan”, “qayğı”, “vətənpərvərlik”, “ləyaqət” kimi sözlər ya çixmaqdadır və ya bu sözlərin mənası deformasiya olub. Məsəl üçün, Azərbaycanda “hörmət” sözünün nə günə düşdüyünü hamımız hər gün görürük.

Məşhur Amerikan alimi Noam Chomsky və başqaları kapitalizmin bu tərəfini şiddətlə tənqid edir. Bu gün biz də Azərbaycanda bu “maddiləşməni” yaşayırıq. Mənə elə gəlir ki, biz burdan dərs çıxarmalıyıq. İndi bir-birimiz haqqında düşünməyin əsl vaxtıdı, çünki biz başqa ölkələrdə nələrin olduğunu gördük və bu görmüşlüyün köməyi ilə Azərbaycanda demokratiyanın və kapitalizmin inkişafını daha yaxşı yönləndirə bilərik. Hadisələrin önündə olarıq! Bunun üçün ictimai və siyasi diskussiyalarda fəal olmaq, vətəndaş cəmiyyətini gücləndirmək lazımdır. Gənclərin üzərinə yenə də çox böyük rol düşür. Əlbəttə ki, həyatda peşəkarlıq və karyera önəmli şeylərdi və əslində bu insanımızın güclənməyi deməkdir. Mən hesab edirəm ki, çağdaş Azərbaycan gəncliyi bizneslərdə, səfirliklərdə, dövlətdə, beynəxalq təşkilatlar və şirkətlərdə çalışmaqla çox gücləndilər. Amma bəzən gənc dostlarımızın başları o qədər işə qarışır ki, toplumun ümumi dərdlərindən qopurlar və bixəbər olurlar. Ara-sıra qəflət yuxusundan ayılıb heç bir şeyin ürəkaçan olmadığını görüb şikayətlənirlər və yenə də işlərinə davam edirlər. Hamı mistik bir qüvvənin haradansa gələrək hər şeyi dəyişəcəyinə inanır və ya çox vaxt hər şeyi axarına buraxırlar. Və bunun hələ ki baş vermədiyini görərək yenidən yuxuya gedirlər.

Burada bir məsələyə də toxunmasaq olmur. Bəzən bəzi dostlarımız deyir ki, bilirsən mən siyasətlə maraqlanmıram, ona görə belə işlərlə məşğul ola bilmərəm. İnglis alimi David G. Green bununla bağlı çox gözəl kitab yazıb. Adı belədir: “Vətəndaş cəmiyyətinin yenidən ixtirası: Siyasətlə məşğul olmadan insan rifahına necə nail olmalı” (Reinventing Civil Society: The Rediscovery of Welfare Without Politics). Kitabın adından da göründüyü kimi David Green bunun mümkün olduğunu iddia edir. O, deyir:

“Bir çox birgə fəaliyyətlər var ki, onlar siyasi deyil. Və azad sivilizasiyanın ən əsas meyarlarından biri, onun könüllü və ictimai həyatının nə dərəcədə zəngin olmağıdır”. (There is much common activity which is not political and one of the chief measures of the quality of a free civilization is the richness of its voluntary, communal life).


Yəni, vətəndaş cəmiyyəti və siyasət arasında fərq var. Siyasət hakimiyyət anlayışı ilə bağlıdı. Vətəndaş cəmiyyəti insanları gücləndirir və həssaslaşdırır. Ümumiyyətlə, bizdə belə bir stereotip də var ki, “vətəndaş cəmiyyəti” bərabərdir Qeyri Hökümət Təşkilatları. Əlbəttə ki, hamımız başa düşürük ki, bu çox yanaşma çox dardı. Vətəndaş cəmiyyətinin klassik tərifində deyildiyi kimi “dövlət və ailə arasında olan sahəyə” vətəndaş cəmiyyəti deyilir.

Bütün bunlara görə, AN şəbəkəsi olaraq, bir vətəndaş cəmiyyətini təmsil edən qrup olaraq, biz dedik ki “Gələcək özü gəlməyəcək”!!! Yəni gələcək gətirilməlidir. Gəlin gözləməyək. Gəlin şikayətlənməyi qurtaraq. Gəlin gələcəyi gətirək!
Siyasətsiz gətirək. Bir-birimizlə danışaraq, bir-birimizi düşünərək gətirək!


Rəşad Elli
Bakı, 28 Sentyabr, 2008

No comments:

Post a Comment