Monday, May 18, 2009

İmkanlar ölkəsi - Azərbaycan

İmkanlar ölkəsi - Azərbaycan

Bizim nəsil keçid dövründə yaşadı. Keçid dövrləri adətən çətin mərhələlərdi - keçmiş dağıla-dağıla gedir, yeni bir şeyi yaratmaq üçünsə çoxlu vaxt, səbr və iradə tələb olunur. Dağılan keçmiş binadan tökülən kiçik və böyük parçalar isə bəzilərinin başına, bəzilərinin isə yoluna düşür. Keçmişlə gələcəyin arası çox qısa və çaşdırıcıdır deyə onların yeri təsadüfən səhv də düşə bilir. Bəzi insanlar gələcəyin də elə keçmiş kimi olacağını və olmalı olduğunu iddia etməklə bu qarmaşanı bir az da artırır.
Sevindirici şey isə ondan ibarətdir ki, burada qorxulu heç nə yoxdu. Bu gün ölkəni qoyub yaxşı həyat, inkişaf dalınca minlərlə azərbaycanlı qardaş və bacılarımız Amerikaya, Rusiyaya və Avropa ölkələrinə üz tuturlar. Bir dəfə Ankarada TRT-də işləyən əslən Azərbaycandan olan bir dostumuzla bu haqda söhbət edirdik. O deyirdi ki, bizim millətin bir xüsusiyyəti var ki, çətinlik görəndə ən rahat yolu qaçmaqda görür. Əslində bunu bütün millətlərə aid etmək olar. Bu mənada dostumuzla razı deyiləm. Tarix boyu və hətta bu yaxınlara qədər də Avropa ölkələrindən də daha yaxşı həyat axtarışında olan insanlar Amerikaya köçmüşlər.
Önəmli olan bunu başa düşməkdir ki, çətinliyin olmağı əslində böyük imkanların mövcud olduğunun göstəricisidir. Uinston Çörçilin məşhur bir kəlamı var: “Pessimist hər yeni imkanda çətinlik görür, optimist isə hər çətinlikdə yeni imkan görür”. Yəni, ola bilər ki, siz pessimist insana 1 milyon manat pul verəsiz, o, isə bu qədər pulla nə edəcəyi haqqında düşünüb o qədər stresə düşsün ki, qısa vaxt ərzində bu pulu batırsın. Eyni zamanda mən bir çox insan tanıyıram ki, ən çətin məqamlardan çıxaraq vəziyyəti öz xeyirlərinə dəyişiblər. Bu bir vizyon, bir uzaqgörənlik məsələdir.
Həqiqətən də mən inanıram ki, bu, psixoloji məsələdir. Təbii, insanın həyatında çətinliklər ola bilər. Hətta çox ola bilər. Amma çətinlikləri kədərə, yoxsa sevincə çevirmək insanın öz əlindədi. Yəni çətinlik sözünün adı “çətin” olduğu üçün onu tamamilə neqativ bir anlayış kimi qavramaq düzgün deyil.
Biz keçid dövründə yaşamışıq və yaşayırıq. İndi bizim böyüyən dövrümüzdür, gənclik çağımızdır. Unutmayaq ki, bütün uğurlu insanlar adətən çətinlik içində böyüyürlər. Bizim də uşaqlığımız çətin keçir. Bəzən pul olmur, bəzən böyüklər bizi döyür, üstümüzə qışqırır, varlı uşaqlar bizə yuxarıdan aşağı baxır, bizimlə oynamırlar.
Çıxış yolu bundan ibarətdir ki, BİZ YAXŞI OXUYAQ VƏ ÖYRƏNƏK, həyat imtahanından hamıdan yaxşı çıxaq.
Bəli çox zaman düz yol çətin olur. Al Paçinonun baş rolda oynadığı məşhur film var, adı “Qadın Ətri”di. Ömrünün sonuna yaxın qoca, kor polkovnik etiraf edir ki, həyatda həmişə doğru yolun nə olduğunu bilirmiş, amma heç vaxt o yolu seçməyib. “Bilirsiz niyə?” - Al Paçino soruşur. “Because it was damn hard (çünki doğru yol çox çətin idi)”.
Məşhur amerika iqtisadçısı Hernando de Soto “Kapitalizmin Sehri” (The Mystery of Capitalism) kitabında yazır ki, dünyanın bir çox yoxsul bölgələri insanlar ağılsız olduğuna görə yox, ətraflarındakı imkanları necə realizə edəcəklərini bilmədikləri üçün inkişaf etmir. Yazar qeyd edir ki, Latın Amerikası, Afrika və Asiyanın xarabalıqlarında milyardlar yatır. Onları canlandırmaq üçün isə bacarıqlar tələb olunur.
Ona görə də biz ətrafımıza baxmalıyıq və imkanları görməliyik. Azərbaycan kimi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə həddindən artıq imkanlar var. Bunu amerikalılar və avropalılar görə bilir. Bu onların bizdən daha ağıllı, daha intellektli olmağına görə deyil. Sadəcə modern biznes bacarıqları, imkanları görə bilmək və risk edə bilmək qabiliyyətlərinə görədir.
Həm hökumətimiz, həm də insanlarımız ətrafa daha geniş baxa bilməlidir. Hökumət özəl sahəyə daha çox imkanlar yaratmalıdır, bürokratik əngəlləri aradan qaldırmalıdır. O zaman imkanlar daha çox artacaq və iqtisadi, siyasi, sosial və elmi həyat daha çox qaynayacaq.
Burada hökumətin siyasətində işlədilən dil və terminlər də həddindən artıq önəmlidir. Məsələn, “nədənsə, xilas olmaq, qurtulmaq“ əvəzinə “nəyəsə nail olmaq, irəliləmək” kimi qavramlardan istifadə etmək insanları daha çox gücləndirir. Bu kontekstdə, “yoxsulluğun azaldılması” yerinə “zənginliyin artırılması” daha müsbət düşüncə və davranışa səbəb olur. Çünki yoxsulluq insanın normal, təbii halıdır: onu azaltmaq anlayışı isə çox süni səslənir. İmkanları genişləndirib, var-dövləti və rifahı artırmaq lazımdır.
Bunları görmək və hiss etmək ümidi ilə!

No comments:

Post a Comment