Monday, May 18, 2009

Washington'un havası

Vaşinqtonun havası rütubətlidi, amma təmizdi. Ümumiyyətlə, Amerikada yaşayanlar bilir, burada havanın təmizliyinə diqqət edirlər. Eləcə də, hər şeyin təmizliyinə: mənəvi və fiziki. Təmizlik çox önəmli anlayışdı burada. Küçələrin, evlərin, binaların, ofislərin təmiz olmağı insanda gözəl emosiyalar yaradır. Toz olmayanda insan daha rahat nəfəs alır, qan dövranı daha yaxşı olur, az əsəbiləşir və s. Fiziki təmizlik daxili təmizlikdən qaynaqlanır. Öz növbəsində zahiri təmizlik insanı daxilən təmiz olmağa sövq edə bilər.
Arlinqtonda Clarendon bulvarında bir oteldə qalıram. Simsiz internetim var. Üzbəüz Starbucks (anti-qlobalistlərin heç cür razılaşmadığı) qəhvə dükanı var, içəri girən kimi gözəl, təzə bişirilmiş qəhvənin iyi insanın burnuna dolur. Deyirlər ki, qəhvə iyi insanı xoşbəxt edən qoxudur. Hətta Londondan Vaşinqtona gəldiyim Britiş Midləndin təyyarəsində tualetin qapısından bir qutu toz qəhvə asmışdılar.
Həqiqətən də qəhvə mədəniyyəti burada fərqlidir. Amerikanın qida mədəniyyətinin bir xüsusiyyəti də yediyiniz yeməyin və içdiyiniz mayenin hər zaman daşına bilən, mobil formada (qabda) olmağıdır. Burada insanlar küncdəki dükandan karton və ya plastik qəhvə alıb onu işə gətirib içirlər. Hər şey çevik, dəyişən və ağıllıdı (smart).
Amerikada ünsiyyət də çox rahatdı. İnsanlar ünsiyyətin ən tez, ən sadə və ən rahat yollarını icad ediblər. Tanımadığın insana salam vermək (bu adət Azərbaycanın kəndlərində də var), halını soruşmaq və etibarverici şəkildə gülümsəmək (kəndlərimizdə bu adət hələ o qədər yayılmayıb) insanlar arasında çox qısa, səmimi və rahat yolla ünsiyyət yaratmış olur. Bunlar həm də iş şəraitində çox önəmlidir, lazımsız stressi və psixoloji narahatlığı ortadan qaldırır. Əyləncə mədəniyyəti də insanları birləşdirmək və ünsiyyəti bəsitləşdirməyə kömək edir. Hündür bar masası fərqli bir məkandır və burada tanış olmayan insanlar yan-yana otura bilər. Bu isə öz növbəsində insanlara tanış olmaq, söhbət etmək imkanı verir. Ona görə də, nə qədər qəribə olsa da, bar və pabların Qərb-də vətəndaş mədəniyyətinin, azad ünsiyyət mühitinin formalaşmasında böyük rolu var. Çölə çıxmaq (going out) burada çox vacib bir sosial fəaliyyətdir və insan şəbəkələrinin formalaşmasında böyük rolu var. Əgər müqayisə etsək, Azərbaycan mədəniyyətində tanımadığın insanlarla “tanış olmaq” məkanları və imkanları əslində o qədər də çox deyil. Cəmiyyətimiz daha çox kiçik qruplarda və mühafizəkar şəkildə “çölə çıxır”. Çayxanalarda insanlar iki-iki, üç-üç otururlar. Toylarda isə yeni tanışlıqlar demək olar ki, çox az olur (toylarda səs çox olur). Buna baxmayaraq, Azərbaycanda gənclərin başlatdığı çox gözəl partilər ənənəsi təşəkkül tapır get-gedə.
Amerika çox qəribə ölkədi. Çox fərqli və çox azaddır. Azadlıq burada insanlara qeyri-adi güc verir. Ərazinin böyük və insanların macərasevər olmağı öz sözünü deyir.
Azadlıq insanlara çoxlu yemək və çox hərəkət etmək təcrübəsi verib. Kaliforniyadakı dostlarım bu gün mənə dedilər ki, dünən 10 mil qaçıblar, yəni 16 km-ə yaxın.
Burada heç bir şeyin qıtlığı yoxdur. Yer, pul, yemək, maşın, insan və s. Hər şey çoxdu. Hər şey böyükdü.
Bu arada, fikrim daha kiçik, daha yoxsul ölkələrə və millətlərə getdi birdən. Düşündüm ki, bəlkə doğrudan da “Yeni Dünya”ları çoxaltmaq zamanıdır yenidən. Çünki yer kürəsi üzərində hələ o qədər boş torpaqlar var ki. Bəlkə indi əziyyət və zülüm içində yaşayan millətlərin ağıllı və cəsur uşaqları yığışıb gedib bir torpaq tapsınlar... ölkə qursunlar...
Və ya bəlkə yer kürəsini tərk etmək barədə düşünsünlər... Marsda buz tapılıb təzəlikcə...
Nə isə, çox uzağa getdim deyəsən. Vaşinqtondakı dostlar məni daha yaxına, Corctaunda pivə içməyə çağırdılar. Getməsəm yaxşı çıxmaz.


Yad Elli

No comments:

Post a Comment